Əsas səhifəÖlkəPiyada məsuliyyətsizliyi qeydə alınmış yol-nəqliyyat hadisələrinin başlıca səbəblərindən biridir.
PAYLAŞ

Piyada məsuliyyətsizliyi qeydə alınmış yol-nəqliyyat hadisələrinin başlıca səbəblərindən biridir.

Ölkə 11 noyabr 2022 18:00 1389

Respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, son dövrlər piyada vurma hadisələrinin sayında artım dinamikası müşahidə olunmaqdadır. Statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, bu da ümumi yol qəzalarının 41.6 faizini təşkil edir. Təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63.9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınmışdır ki, nəticədə 110 nəfər həlak olmuş, 147 nəfər isə yaralanmışdır.

Lakin, bu qəbildən olan yol-nəqliyyat hadisələrinin təhlili onu da deməyə əsas verir ki, yol hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadaların məsuliyyət baxımından məsələyə münasibəti həmişə birmənalı olmur. Piyadavurma hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə birgə aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin geniş vüsət almasına baxmayaraq, təəssüf ki, hələ də öz həyat və sağlamlığına biganə qalan, özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün real təhlükəyə yaradan piyadaların sayı az deyildir.

Payız-qış mövsümünün gəlişini də nəzərə alaraq, bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağı, əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edirik.

Piyadalar qulaqlıqdan istifadənin ətraf mühitlə əlaqəni əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə almalı, yolu keçərkən nizamlama vasitələrinin tələblərinə sözsüz əməl etməli, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməli, sürücülərin onlara yol verdiklərinə tam əmin olduqdan sonra hərəkətə başlamalı, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmaqdan çəkinməlidirlər.

Əziz piyadalar! Sadalanan yol hərəkəti qaydalarına riayət etməklə, uşaq və yeniyetmələrə örnək, həyat və sağlamlığımız üçün isə etibarlı zəmin yaratmış olarıq.

 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020