Qaradağ rayonu ərazisində yanğınla nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı
Ölkə
05 yanvar 2023 17:00
2042
Bu gün 03.01.2023-cü il tarixdə, saat 08:06 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 58-ci kilometrliyində Şərur rayon sakini 39 yaşlı Heydərov Nizami Qadir oğlu yanacaq daşıdığı “Mercedes Benz Axor” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini 43 yaşlı Fərzullayev Ceyhun Cəsail oğlunun idarə etdiyi “Kamaz” markalı, 42-BC-514 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Toqquşmadan sonra yanacaq yüklü “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun solundakı dəmir çəpərə çırpılıb və alovlanıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan Füzuli şəhər sakini, 59 yaşlı Əliyev Əvsələddin Tofiq oğlu idarə etdiyi “Opel Astra” markalı, 99-FX-526 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobilini vurub.
Nəticədə “Mercedes” markalı yük avtomobilinin sürücüsü Nizami Heydərov hadisə yerində yanaraq həyatını itirib, “Opel” markalı avtomobilin sürücüsü Əvsələddin Əliyev xəsarət alıb.
Əraziyə dərhal Baş DYP İdarəsinin əməkdaşları cəlb edilərək digər hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib, aidiyyəti qurumlarla birgə yolun açılması və hərəkətin nizamlanması üçün zəruri tədbirlər görülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər