Əsas səhifəNəqliyyat“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masa » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masa » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 28 Yanvar 2026 326

AYNA

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa keçirilib.


Tədbirdə bildirilib ki, Dövlət Proqramında qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır. Hazırda bu layihələrdən dördünün (Bilgəh – Novxanı – VAZ dairəsi – Xırdalan – M-4; Akademik Həsən Əliyev – “Koroğlu” metrostansiyası; Xaqani Rüstəmov – Ağa Nemətulla; VAZ dairəsi – M4 Şamaxı yolu) tikintisi icra edilir. Bu il daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulub (Məhəmməd Xiyabani – Dairəvi-1; M-4 – Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə – Ziya Bünyadov).


Yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra olunur. Yol nişanları və nişanlanma xətləri ilə bağlı da işlər həyata keçirilib. Görülən işlər çərçivəsində 32000 yol nişanı, 407 ədəd LTP tipli məlumat lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb. Ümumilikdə yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib.


AYNA tərəfindən şəhərdaxili sərnişin daşımaları üzrə də avtobus parkında və ödəniş sistemində bir sıra işlər həyata keçirilib. Nəticədə yeni şəbəkənin icrasına başlanılıb və 8 marşrut istifadəyə verilib. Bakı, Sumqayıt və Abşeronda 395 yeni elektrikli və CNG texnologiyası ilə işləyən avtobus istifadəyə verilib. Gedişhaqqı ödənişi ilə bağlı da yeniliklər tətbiq edilib, bank kartı ilə ödəmək imkanı yaradılıb. Ümumilikdə nağdsız ödəniş olan avtobusların sayı 1800-ə çatıb. Bu rəqəm 2022-ci ildə 1000 avtobus təşkil edirdi. Eyni zamanda Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə işləyən marşrut xətlərinə 98 avtobus əlavə edilib, 40000 nəfər sərnişin daşınması imkanı yaradılıb. Avtobusların intervallarının təmin edilməsi üçün Bakı şəhərində xüsusi hərəkət zolaqları şəbəkəsi yaradılıb. Ümumilikdə 40-a yaxın küçə və prospektdə 114 kilometr zolaq təşkil olunub.

Son 4 ilin nəticələrinə əsasən, avtobusla Bakı və şəhərətrafı sərnişindaşımada ümumilikdə 67,3 milyon artım var. Gündəlik xəttə buraxılan avtobusların sayında isə 32% artım müşahidə olunur. Əgər 2022-ci ildə 1720, 2023-cü ildə 1950, 2024-cü ildə 2160 avtobus gündəlik xəttə buraxılırdısa, hazırda bu rəqəm 2300-ə yaxındır.

Gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi 85%-ə çatıb. Eyni zamanda ekoloji təmiz avtobusların xüsusi çəkisi 55%-dir.


Tramvay xəttinin bərpası ilə əlaqədar da işlər görülüb. Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.


Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturu da genişlənir. Hazırda mikromobillik zolağının uzunluğu 60,3 kilometr təşkil edir, hədəf isə 100 kilometrdir. Görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4900, velosiped sayı 2200-dür. 2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12% təşkil edir.


Bundan əlavə, səkilərə və piyada yollarına dair ümumi tələbləri əks etdirən dövlət standartı təsdiq edilib. Bakının piyadalar üçün rahat və təhlükəsiz şəhərə çevrilməsi istiqamətində bir çox işlər görülür. Küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir. Artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb. Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb. Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyarbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edilib. Bu küçələrin piyadaların istifadəsinə verilməsi təmin edilib. Həmçinin metronun “28 May” stansiyasının qarşısındakı ərazidə piyada infrastrukturu üçün imkanlar yaxşılaşdırılıb.

Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır. Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və “Qış parkı” optimal şəkildə birləşdirilir. İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək. Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq.



ADY

Dövlət Proqramında dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrası barədə də məlumat verilib. Qeyd edilib ki, Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görülüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb.


Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə sərnişin sayı həftəiçi gündəlik 36 mindən 43 minə qədər artıb. Bu da xidmət keyfiyyətinin artırılmasının və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir.


Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı – Hövsan, Bakıxanov – Binə – Qala və Zabrat – Maştağa – Bağlar dəmir yolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.


2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işlərinin bəziləri tamamlanıb.


Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub.


Bakı – Xırdalan – Sumqayıt xəttinin təkmilləşdirilməsi, qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Hazırda bu xətt üzrə sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə “Dərnəgül” dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Baş Keşlə stansiyasına dayanacaq verilməsi və Binəqədi dayanacağının yaradılması nəzərdə tutulur.


Bakı – Pirşağı – Sumqayıt xəttinin təkmilləşdirilməsi, bu istiqamətdə dəmiryol xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarının yaradılması planlaşdırılır.


Görülən işlər çərçivəsində Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır.


Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək − Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı – Xırdalan − Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması nəzərdə tutulub.


Həmçinin 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir.



BAKI METROPOLİTENİ

Dəyirmi masada vurğulanıb ki, 2025-ci ildə Bakı Metropoliteninin müxtəlif sahələrində ilk dəfə olaraq innovativ və səmərəli yeniliklər tətbiq edilib. Sərnişindaşıma və təhlükəsiz hərəkətin təmin edilməsi sahəsində əldə olunan mühüm irəliləyişlər Dövlət Proqramına uyğun olaraq, qarşıdakı beş ilin Bakı metrosu üçün əsaslı dəyişikliklər və yeniliklər mərhələsi olacağını göstərir. Dövlət Proqramının icrası məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı ilə qlobal əməkdaşlığa başlanılıb.


2025-ci ildə imzalanmış proqrama uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib. “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb.


10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq. Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə “B4 layihə” adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib.


Ötən il həyata keçirilən ən mühüm yeniliklərdən biri qatarlararası intervalların 16 ildən sonra ilk dəfə azaldılması olub ki, bu da mövcud infrastruktur imkanları nəzərə alınmaqla, inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bununla yanaşı, rəqəmsal həllərin tətbiqi sayəsində ilk dəfə olaraq qatarların stansiyaya daxilolma vaxtını göstərən sistem və elektron monitorlar quraşdırılıb, həmçinin bütün stansiyalarda bank kartları ilə təmassız (NFC) ödəniş imkanı yaradılıb. Oktyabr ayında test rejimində istifadəyə verilən bu sistemdən cəmi iki ay ərzində 7 milyondan çox sərnişinin yararlanması xüsusi diqqət çəkib.


Təhlükəsizlik və enerji sistemlərinin yenilənməsi istiqamətində tədbirlər də yüksək templə davam etdirilib. Sərnişinlərə xidmət keyfiyyətinin artırılması məqsədilə ən müasir qatarların alınması 2025-ci ildə də davam etdirilib və təhlükəsiz hərəkətin optimal səviyyədə təmin olunmasına mühüm töhfə verib. İl ərzində Bakı Metropolitenində son nəsil 20 yeni vaqon istismara buraxılıb.


20-dən çox stansiyada taktil zolaqların quraşdırılması hərəkət imkanları məhdud sərnişinlər üçün metrodan istifadənin əlçatanlığını artırıb. Nəticədə əvvəlki illə müqayisədə 10,6% daha çox sərnişin “Əlçatan metro” xidmətindən yararlanıb.


Əlçatanlığın təmin edilməsi istiqamətində atılan digər mühüm addım Bakı Metropolitenində tam yeni formatda Əlaqə mərkəzinin fəaliyyətə başlaması olub. Səhər saat 07:00-dan 23:00-dək daxil olan müraciətlərin operativ şəkildə cavablandırılması sərnişinə xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


Bakı Metropoliteni 2025-ci ildə 227 milyon sərnişin daşımaqla ictimai nəqliyyata olan etimadı doğrultmağa davam edib. İl ərzində metropoliten 60 gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, xüsusi günlərdə isə ümumilikdə 14 saatlıq əlavə iş qrafiki tətbiq olunub.


2025-ci ildə həyata keçirilən tədbirlər Bakı Metropoliteninin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Qarşıdakı dövrdə də müasir standartlara uyğun, təhlükəsiz və səmərəli metro xidmətlərinin genişləndirilməsi əsas hədəflər sırasında olacaq.

 

 

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020