Əsas səhifəEkspertPremium benzinin bahalaşması Azərbaycana nə kimi ziyan vuracaq? - Ekspert AÇIQLADI
PAYLAŞ

Premium benzinin bahalaşması Azərbaycana nə kimi ziyan vuracaq? - Ekspert AÇIQLADI

Ekspert 03 İyun 2021 12:31 4151
Aİ-95 benzininin qiymətinin artması təkcə bu növ benzini işlədən avtomobil sahiblərinin yanacaq xərclərinin artmasına səbəb olmayacaq. Bu, bir sıra başqa problemlərə də yol açacaq.

1. Təcrübə göstərir ki, belə qiymət artımları bütövlükdə istehlak bazarına təsir edə bilir. Bu növ yanacaqla işləyən kommersiya təyinatlı avtomobillər az sayda olsa da, qiymət qalxmasının ən azı psixoloji təsiri başqa xidmət və malların da qiymətlərində artım meyillərinə rəvac verə bilər.

2. Bu qiymət artımının ən ciddi mənfi təsiri Azərbaycanın avtomobil parkının yenilənməsi işini ləngitməsi olacaq.

Məlumdur ki, benzin mühərrikli yeni avtomobillər ən azından Aİ-95 benzini ilə işləyir. Bu benzinin qiymətinin qalxması, ümumiyyətlə, tez-tez dəyişməsi avtomobil həvəskarlarını bu yanacağı işlədən avtomobillərdən uzaq durmağa sövq edir. Nəticədə hər kəs öz köhnə avtomobilindən daha bərk yapışır və ya xaricdən daha ucuz Aİ-92 benzini işlədən köhnə avtomobil gətirməyə çalışır.

3. Köhnə avtomobillərin Azərbaycanda uzun müddətə qalması və istismar edilməsi isə sözün birbaşa mənasında yol hərəkəti təhlükəsizliyinə ciddi ziyan vurur. Heç kimə sirr deyil ki, köhnə avtomobil yenisinə nisbətən daha təhlükəlidir, mümkün qəzalarda sürücü, sərnişin və piyadaların daha ağır travmalar almasına və ölümünə gətirib çıxarır.

4. Aİ-95 benzinin qiymətinin artması həm də avtomobillər vasitəsilə ətraf mühitin daha çox çirklənməsi deməkdir.

Yuxarıda qeyd etdiyim kimi, insanlar çalışacaqlar ki, köhnə avtomobil işlətsinlər, bu isə atmosferə daha çox zərərli tullantı atılması deməkdir. Digər tərəfdən, bəzilərimiz çalışacağıq ki, Aİ-95 işlədən avtomobilimizə Aİ-92 benzini töküb sürək. Bu da həm avtomobilimizi bərbad günə qoya bilər, həm də yenə də tullantı qazlarının çox zərərli tərkibi deməkdir. Ən pisi odur ki, hibrid avtomobillərin əksəriyyətində də daxili yanma mühərriki məhz Aİ-95 benzini istəyir. Ona görə də bu benzinin qiymətinin qalxması hibridlərə də marağı zəyiflədə bilər.

Hibridlərin dizel mühərrikli avtomobillərlə əvəzlənməsini stimullaşdıra bilər. Bu da ekoloji baxımdan daha pis olardı. Başqa sözlə, Aİ-95 benzinin qiymətinin qalxması Azərbaycanda həm sözün birbaşa mənasında yol hərəkəti təhlükəsizliyinə, həm də avtomobillərin ekoloji təhlükəsizliyinə ciddi zərər yetirən amildir. Hesab edirəm ki, ölkəmizdə tez bir zamanda Aİ-95 benzinin də istehsalı təmin edilməli, Aİ-92 kimi bu benzinin də qiyməti dövlət tərəfindən müəyyən edilməklə stabil saxlanmalıdır.

Özü də Aİ-95 benzinin qiyməti dünya bazarına uyğun yox, məhz Azərbaycanda neftin istehsalı və emalının maya dəyərinə, eləcə də Azərbaycan istehlakçılarının maddi durumuna uyğun tənzimlənməlidir.

Ərşad Hüseynov

hüquqşünas






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020